Çox dadlı və zərif kəsmikli bulkalar. Siz də hazırlayın!

Çox dadlı və faydalı şirniyatdır. Uşaqlarınızı sevindirin!

Lazım olan məhsullar:

- 500 qr kəsmik

- 200 qr şəkər tozu

- 550 qr un

- 3 dənə yumurta + 1 yumurta sarısı (bulkaların üzərinə çəkmək üçün)

- 70 qr kərə yağı

- 80 qr süd

- 1 çay qaşığı quru maya

- vanilin

- 1 çimdik duz

Hazırlanması:

1. İlıq süddə (təxminən 30 C) maya əridirik.

2. Bir neçə çay qaşığı şəkər tozu əlavə edirik və qarışdırırıq.

3. Təxminən 70 qr un ələyirik və əlavə edirik, yaxşı qarışdırırıq, qabın üstünü örtürük və 25 dəqiqə saxlayırıq ki, xəmir qalxsın.

4. Ayrı qaba əridilmiş kərə yağı, yumurta, şəkər tozu əlavə edirik, mikserlə yaxşı çalırıq.

5. Kəsmiyi süzgəcdən sıxırıq, kütləyə əlavə edirik, yaxşı qarışdırırıq.

6. Süddə əridilmiş mayanı, ələnmiş unu, duz, vanilin əlavə edirik, xəmir yoğururuq. Xəmir yumşaq alınmalıdır, əllərə yapışmamalıdır.

7. Xəmir olan qabın üstünü dəsmalla örtürük və 1 saat gözləyirik. Bu müddət ərzində xəmiri 1 dəfə də yoğururuq.

8. Xəmirdən bulkaları düzəldirik, dəsmalla örtürük və 20 dəqiqə saxlayırıq.

9. Bulkaları kərə yağı çəkilmiş tavaya qoyuruq.

10. Yumurta sarısını 1 çay qaşığı su ilə yaxşı çalırıq və bulkaların üzərinə çəkirik.

11. Sobanı qabaqcadan 200 C qədər qızdırırıq və bulkaları təxminən 35 dəqiqə ərzində bişiririk.

Nuş olsun!

Evdarliq.Az