Badamlı-şokoladlı peçenye. Sadə və çox dadlı!

İnqrediyentlər:

- 150 qr badam

- 225 qr tünd şokolad

- 2 ədəd yumurta

- 1/2 stəkan un

- 50 qr kərə yağı

- 1/2 stəkan şəkər tozu

- 1 stəkan şəkər kirşanı ("pudra")

- 1/2 ç.q. qabartma tozu

Hazırlanması:

1. Badamı qaynar suya salın, qabıqlarını soyun və bir qədər qurudun.

2. Şokoladı su hamamında əridin, kərə yağı əlavə edin, yaxşı qarışdırın.

3. Badamı blenderdə xırdalayın, ələnmiş un və qabartma tozu əlavə edin, qarışdırın.

4. Yumurtanı şəkər tozu ilə yaxşı çalın, ehtiyatla şokoladlı kütləyə əlavə edin, qaşıqla qarışdırın.

5. Badamlı-unlu kütləni şokolad kütləsinə əlavə edin, yaxşı qarışdırın.

6. Xəmir olan qabı plyonka ilə bağlayın və 2-3 saat ərzində soyuducuda saxlayın.

7. "Pudranı" dərin boşqaba tökün.

8. Xəmirdən qoz boyda kürəciklər düzəldin və pudraya batırın.

9. Tavaya xüsusi kağız sərin, üzərinə peçenye düzün.

10. Sobanı qabaqcadan 160 C qədər qızdırın və peçenyeni 12-15 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.Az