Balığın bişirilməsi. Bəzi vacib QAYDALAR

- Bəzi balıq növlərinin xoşagəlməz qoxusunu yox etmək üçün onun içini təmizləmək, yumaq, sonra üzərinə 2-3 dəfnə yarpağı və doğranmış soğan töküb bir neçə saat saxlamaq lazımdır.

- Balığın donunu böyük ləyəndə duz qatılmış soyuq suda (1 l suya 1 çay qaşığı duz) açırlar. Suyu bir neçə dəfə dəyişmək lazımdır. Balıq filesinin donunu isə havada açsanız yaxşıdır.

- Dəniz balığını bişirərkən onu 2-3 sm qalınlığında tikələrə doğrayın, minalanmış qazana, yaxud balaca çuqun qazana qoyun və üstünə soyuq su tökün (su balığı örtməlidir). Sonra kök, soğan, dəfnə yarpağı, döyülməmiş istiot əlavə edin və 20-30 dəqiqə vam odda bişirin. Əgər bundan çox bişirsəniz, balıq dadsız olur. Balığı vam odda  bişirirlər ki, balıq tikələri dağılmasın.

- Əgər bişmə üçün balıq başları istifadə edilirsə, qəlsəmələri çıxartmaq lazımdır, əks halda bulyon acı və bulanıq olacaq.

- Balıq azca dağ olmuş yağda qızardılır, tikələr bir-birindən bir az aralı qoyulur ki, isti dəyməyən yerlərdən balığın şirəsi çıxmasın və balıq quru olmasın.

- Balığı qızardanda dağılmasın deyə, onu duzlayandan sonra, 10-15 dəqiqə masada saxlayın ki, duz balığın içinə hopsun.

- Əgər balığı 20-30 dəqiqə süddə saxlayıb (yaxud üstünə xama çəksəniz) günəbaxan yağında qızartsanız, balıq daha dadlı olar.

- Qızardılmış balığı yenidən qızdırdıqda tamını tamam itirir.

- Çəngəllər, nimçələr, tavalar balıq iyi verməsin deyə soyuq suda yuyur, sonra limon qabığı, sirkə, ya da çay qalığı ilə sürtür, qab yuyan vasitələrdən biri ilə yuyurlar.

- Balıq qoxusu az olsun deyə, qızartmaqdan əvvəl 2-3 saatlığa sirkədə isladılmış əsgiyə bükülür və ya üzərinə limon şirəsi çilənir.

- Bütün balıq konservlərini açanda, onları dərhal şüşə və ya saxsı qaba qoyun. Hətta soyuducuda konservləri öz qablarında saxlamayın, zəhərlənə bilərsiniz.

 Evdarliq.Az



 

 

.