Azərbaycanda kərə yağı ən çox istifadə olunan məhsullardandır.
Statistik rəqəmlərə nəzər salsaq, məlum olur ki, kərə yağı xalqımızın ən çox yediyi on məhsuldan biridir. Hazırda ölkədə fəaliyyət göstərən marketlərdə 40-dan çox çeşiddə kərə yağı satılır.
Bəs kərə yağının tərkibinin təmiz olduğunu necə anlamaq olar?
Marketlərdə təmiz kərə yağı alan zaman ilk öncə rənginə diqqət edin. Təmiz kərə yağı nə kəskin sarı olmalıdır, nə də kəskin ağ. Parlaq sarı rəng göz aldatmaq üçün vurulan boyadan xəbər verir. Yağın rəngi mütləq bərabər olmalıdır. Dəyişən rənglər kərə yağına məxsus deyil. Əgər aldığınız yağ elədirsə, demək, saxtadır.
Təmiz kərə yağı öz formasını saxlayır və bərk olur. Büküldüyü kağıza və bıçağa yapışmır.
Xalis kərə yağı tez yumşalmır. İsti tavaya atılmış kərə yağı yavaş-yavaş əriyərək xoş qoxu verir.
Əgər soyuducudan çıxarılan yağın səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir. Həmçinin, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır.
Təmiz kərə yağı çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi yaxılır.
Əsl kərə yağının tərkibindəki yağın həcmi 82%-dən az olmamalıdır.
1 kq kərə yağının hazırlanması üçün təxminən 20 l süd istifadə olunur. Bu səbəbdən təbii kərə yağı ucuz ola bilməz. Sizə 1 kq 5-6 manata "kərə yağı" təklif edirlərsə, bu yağ deyil - marqarindir.
Eyni zamanda, yağdan istifadə təkcə onu istehlak etməklə bitmir, onun düzgün şəkildə saxlanılmasının da mühüm əhəmiyyəti var. Mənfi 18ºC temperaturda duzsuz yağı 12, duzlu yağı isə 7 ay saxlamaq olar.
Mənfi 12ºC temperaturda isə bu göstəricilər müvafiq olaraq doqquz və altı aydır. Xırda qablarda qablaşdırılmış yağ mənfi 18ºC-də bir aydan çox olmayan müddətdə, əridilmiş yağ mənfi 3-8ºC temperaturda bir ilə qədər saxlanıla bilər.
Evdarliq.az