Sodanı ev işlərində çox geniş istifadə etmək olar.
Soda çox gözəl antiseptikdir, tam ziyansızdır, allergiyalara səbəb olmur, əllərin dərisinə mənfi təsir etmir və nəhayət digər yuyucu vasitələrlə müqayisədə çox ucuzdur.
- Sodalı suda yuyulmuş şüşə və büllur qablar (bokallar, vazalar, stəkanlar və s.) həm yaxşı təmizlənir, həm də parıldayır.
- Fincanların içərisində çaydan və qəhvədən qalan ləkələri sodanın köməyi ilə çox asan təmizləmək olar.
- Sodanın köməyi ilə paltarlardan, xalçalardan, yumşaq mebeldən müxtəlif ləkələri aparmaq olar. Bunun üçün sodanı su ilə qarışdırın (sıyıq kimi alınmalıdır) və ləkəyə çəkib saxlayın, sonra təmiləyin.
- Emallı qazanları sodalı suda yuduqda tünd ərp gedir, qazanlar təzə kimi görünür.
- Çəngəllərin, qaşıqların, bıcaqların rəngi tündləşibsə, onları axşamdan soda əlavə olunmuş suda saxlayın və səhər yaxşı yuyun.
- Sodanın köməyi ilə mətbəxdəki masaları, soyuducunu, sobanı yumaq çox yaxşıdır.
- Mətbəxdəki borular tutulubsa 2 xörək qaşığı soda, 1 xörək qaşığı duz və 2 xörək qaşığı sirkəni boruya tökün, 15 dəqiqədən sonra qaynar su ilə yuyun. Bu üsulla boruları həftədə 1 dəfə profilaktik olaraq təmizləmək çox yaxşıdır - borular həm təmizlənir, həm dezinfeksiya olunur, pis qoxu yox olur.
- Soyuducudan pis qoxunu yox etmək üçün bütün daxili səthləri soda əlavə olunmuş su ilə yuyun.
- Körpə uşağın qab-qacaqlarını (şüşələr, qaşıqlar, boşqablar), əmzikləri soda ilə təmizləyin. Soda həm ziyansızdır, həm də yaxşı dezinfeksiya edir.
- Vanna, unitaz, kafel və s. sodanın köməyi ilə çox yaxşı təmizlənir. Vanna və unitazın divarlarına soda tökün, 1-2 saat saxlayın, sonra yuyun. Unitazın divarlarında sarı ərp əmələ gəlibsə, sodanı unitaza axşamdan tökün və səhərə kimi saxlayın. Bu məqsədlə məişətdə istifadə olunan müxtəlif tozlar orqanizmə toksiki təsir edir. Lakin soda tam ziyansızdır.
- Sodanın köməyi ilə xalçaları, yumşaq mebeli təmizləmək və dezinfeksiya etmək olar. Sodalı suda əskini isladın, yaxşı sıxın və xalçanın və yumşaq mebellərin üzərini silin, sonra tozsoranlayın. Xalçaya axşamdan soda səpin, səhər yaxşı tozsoranlayın. Xalça təmiz və təravətli olacaq. Soda həmçinin pis qoxuları da yox dir.
- Divarlardan ləkələri aparmaq üçün ləkələrə sodanın su ilə qarışığını çəkin, bir qədər saxlayın, sonra təmizləyin.
- Daraqları, kosmetik fırçaları, süngərləri sodalı suda yuyun.
- Ağları yuduqda sodadan istifadə edin, soda çox yaxşı ağardıcıdır.
- Sodanın köməyi ilə evdən qarışqaları qovmaq olar.
- Zibil vedrəsindən pis qoxu gəlirsə, dibinə soda tökün, 1-2 saat saxlayın, sonra adi qaydada yuyun.
- Termosun divarlarında çaydan qara ərp əmələ gəlibsə, içərisinə 3-4 qaşıq soda, üzərinə qaynar su tökün və səhərə qədər saxlayın. Səhər termosu yaxşı yaxalayın.
Evdarliq.Az