Təbii yun xalçalara qulluq

Əgər bir neçə sadə qaydalara əməl edilsə, təbii əl işi olan yun xalçalar yuz ilə qədər və hətta bundan artıq müddət ərzində sizə xidmət edə bilər.

- Belə xalçaları rütubəti çox olan otaqlarda saxlamayın və sərməyin.

- 2-3 ildə bir dəfə xalçanın yerini 90 və ya 180 dərəcə dəyişməyi unutmayın. Belə olduğu halda siz xalçanızı qeyri-bərabər sürtülmədən qoruya bilərsiniz.

- Xalçaları bükərkən içərisinə güvəyə qarşı olan hər hansı müasir vasitə qoyun. Naftalindən istifadə etməyin. Naftalin kanserogen (xərçəng əmələ gətirən) maddə sayılır.

- Vaxtaşırı xalçaları yumşaq şotka və ya tozsoranla təmizləyin. Təbii yun xalçalar su «sevmirlər», ona görə də onları heç bir halda nəm şotka və ya əsgi ilə silməyin, xüsusilə də yumayın. Yun xalçaları təmizləyərkən yuyan tozsorandan istifadə etmək olmaz, ona görə ki, isti suyun təsirindən xalçanız korlana bilər.

- Xalçadan təzə düşmüş ləkələri bir qədər nəm şotka və ya pambıq tamponla aparmaq mümkündür. Bundan sonra xalçanızı bir qədər yerdən qaldırın ki, xalça yaxşı qurusun və nəm qalmasın.

- Xalçanı kimyəvi təmizləməyə ancaq istisna olduğu halda vermək olar, çünki kimyəvi vasitələr yun xalça üçün zərərlidir.

- İstifadə olunmayan xalçaları güvədən qorumaq üçün sadəcə onları vaxtaşırı çırpmaq lazımdır. Güvələr ən çox rulonlara bükülmüş və divardan asılmış xalçalara düşür.

- Yun xalçaları heç vaxt dəhlizdə salmayın. Burada xalçalar tez çirklənir və onları tez-tez təmizləməyə ehtiyac duyulur, bu da təbii yun xalçalar üçün çox ziyandır.

- Əgər evinizdə allergiya, astma xəstələri və körpə uşaqlar varsa, yun xalçalardan istifadə etməyin. Qoyun yunu ən təhlükəli allergenlərdən biridir.

Evdarliq.Az