Ayaqqabılara qulluq. MƏSLƏHƏTLƏR

Ayaqqabını alanda fikir verin ki, ayaqqabı ayağın üst tərəfini sıxmasın, böyük barmaq ayaqqabının burnuna dirənməsin.

Ayaqqabı hər gün təmizlənməlidir. Hər rəngli ayaqqabının öz rəngində kremi və ayrı şotkası olmalıdır. Ayaqqabını vaxtaşırı günə vermək və qurutmaq lazımdır.

Ayaqqabıdakı çirk quruyandan sonra onu şotka ilə təmizləyirlər və quru, təmiz əsgi ilə silirlər, sonra krem çəkirlər və yenə şotka ilə təmizləyirlər.

Əgər ayaqqabı islanıbsa, onu nəm əsgi ilə silmək və sıx-sıx qəzet kağızı ilə doldurmaq lazımdır. Qəzet nəmi özünə çəkir və ayaqqabı tədricən quruyaraq, öz formasını saxlayır. Ayaqqabını otaq temperaturunda qurutmaq lazımdır. Heç vaxt nəm ayaqqabını sobanın yanında yaxud başqa istilik mənbələrinin yanında qoymayın. Bu hallarda dəri həddindən tez quruyur, büzüşür və çatlayır.

Əriyən qar ayaqqabını korlayır. Evə qayıtdıqdan sonra ayaqqabınıza yağlı krem çəkin və bir azdan təmizləyin.

Ayaqqabını quru, sərin yerdə saxlamaq lazımdır. Əgər ayaqqabı rütubətli yerdə qalıbsa, onun üzərində kif əmələ gəlibsə, ayaqqabıya benzin çəkin.

Gənəgərcək yağı - dəri məmulatları üçün ən yaxşı "qida"dır. Onu ayaqqabıya çəksəniz, yumşaq və su keçirməyən olur, bununla belə, dərinin parıltısı qalır.

Açıq rəngli ayaqqabıda sudan ləkələr qalır. Belə ayaqqabı alandan dərhal sonra nazik qatla müvafiq kremi çəkmək lazımdır.

Belə ayaqqabı üçün yüksək keyfiyyətli kremdən istifadə etmək, yumşaq şotka və mahud parçası ilə parıldatmaq lazımdır. Açıq rəngli ayaqqabıdan asan təmizlənən çirkləri ilıq südlə təmizləyirlər.

Zamşa ayaqqabını balaca, xüsusi rezin şotka ilə təmizləyirlər. Parıldayan zamşa ayaqqabısını pozanla, yaxud narın sumpata kağızı ilə təmizləyirlər. Zamşa ayaqqabını buxara tutanda, onun xovu qalxacaq və ayaqqabı təzə kimi görünəcək. Çox çirklənmiş zamşa ayaqqabılarını süngər vasitəsilə ilıq sabunlu su ilə təmizləyirlər. Sonra şotkanı sirkə qatılmış suda (1 s.q sirkə + 1 l su) isladırlar və təmizləyirlər. Axırda təmiz quru əski ilə silirlər və buxarın üstündə tuturlar. Əgər zamşa ayaqqabıya yağ ləkəsi düşübsə, onu benzinlə təmizləyin.

Laklı ayaqqabıları hər gün və pis havada geyinmək tövsiyə edilmir. Nəmişlikdən və küçə çirkindən parıldayan lak səthi getdikcə tutqunlaşır və xırda çatlarla örtülür. Təzə lak ayaqqabılarını təmizləmək lazım deyil, onları yalnız flanel əsgi ilə silmək kifayətdir. Qızanda lak ayaqqabı yapışqanlı olur, soyuqda isə çatlayır, ona görə onları qızdırıcı cihazların yanında və soyuq yerdə saxlamaq olmaz. Yaxşı saxlanması üçün lak ayaqqabıya nazik qatla istənilən bitki yağı çəkirlər və parıldadırlar.

Evdarliq.Az


.
.
Загрузка...