Yemək bişirə bilmədiyinə görə namusun olan qadını niyə boşamalısan?!

“Bəzən olur ki, gənclər bir-birlərini yaxşı tanımadan evlənirlər. Yemək bişirə bilmədiyinə görə, qadını boşamaq?!

Bu nə düşüncədir axı?! Qadınla yemək bişirməsi üçün ailə qurmuşdun?! Hanballa ailə qururlar?!”.

Bu sözləri “Yeni Sabah”a müğənni Xuraman Şuşalı boşanmaların əsas səbəbi kimi gənc qızların məişət işlərini bacarmamasıyla bağlı iddialara münasibət bildirərkən deyib.

O, bildiirb ki, hər bir ailənin fərqli baxış bucağı, baş verənlərə fərqli analizləri var:

“Bunu bütün ailələrə şamil etmək olmaz. Hər bir ailənin baş verənlərə fərqli münasibəti var. Hər şey ailənin özündən başlayır. Ailədə uşaq nəyi görür, onu da götürür. Ailələrin dağılmasında əsas səbəb kimi travmaların olduğunu düşünürəm. Bunda bəzən valideynlərin müdaxiləsi də rol oynayır. Tək problem məişət işlərini bacarmamaq deyil. Bəzi valideynlər “mənim qızıma heç kim gözünün üstə qaşın var deyə bilməz” kimi yersiz prinsiplərlə yaşayır, bəzi analar oğlanlarını çox sevdikləri üçün gəlini nökər kimi görür, həyat yoldaşıyla gəlinin arasını vurur, mehriban olmalarına imkan vermirlər. Bu cür səbəblər ailələrin dağılmasını sürətləndirir.


Mən də qəşəng yemək bişirə bilmirəm. Yəni, buna görə mənim ailəm dağılmayıb. Söhbət məhəbbətdən, qayğıdan, insanların bir-birlərini anlamaqlarından gedir. Bəzən olur ki, gənclər bir-birlərini yaxşı tanımadan evlənirlər. Yemək bişirə bilmədiyinə görə, qadını boşamaq bu nə düşüncədir axı?! Qadınla yemək bişirməsi üçün ailə qurmuşdun?! Hanballa ailə qururlar?!

Ailədə olan söhbət ailədə qalmalıdır. Nə qadın, nə kişi evinin söhbətini valideynlərinə deməməlidir. Bu, ikisinin arasında həll olunmalıdır. Bizim oğul analarımız oğlanlarına daha çox bağlı olurlar. Problemlərin də ən çox bu dediklərimdən qaynaqlandığını düşünürəm. Yemək bişirə bilmədiyinə görə, öz qeyrətin, namusun olan qadını niyə boşamalısan?!”

Müğənni bildirib ki, ailənin davam etməsi üçün başlıca şərt hörmətdir:

“İlk növbədə hər iki tərəf özünə hörmət etməlidir. Özünə hörmət edən insan qarşı tərəfə də hörmət etməlidir. Ailələrə müdaxilə olmamalı, inam olmalı, hörmət olmalı, ən sonda isə sevgi olmalıdır. Ailədə hər şey hörmətdən başlamalıdır. Sevgi itə də, qala da bilər. Yola çıxdığın adamı tanımalı, kiminlə ailə qurduğunu bilməlisən. Hər şey məntiqlə, ağılla olarsa, çox gözəl olar. Vacib olan hörməti, dostluğu qoruyub saxlamaqdır. Qısqanclığı da yer verilməməlidir. Onun da miqdarı var. Hər şey ölçüsündə gözəldir. Bu, insanı məhv edəcək bir xəstəlikdir. Həyat təkcə, eşqdən, məhəbbətdən ibarət deyil. Hər şeydə Allahı xatırlamaq lazımdır. Qəlb Allahın evidir. Kimisə ora salıb böyütmək lazım deyil”.



 

 

.