Rəqqasə Fatimə: Müflisləşəndə anamla ərzaq satmağa başladıq - VİDEO

"Atam xərçəngdən dünyasını dəyişəndən sonra sanki hər şeyi - sevgini, mehribançılığı, ruzunu, bərəkəti sanki özü ilə apardı. 

Ailəmiz müflüs olduğu zaman mənim 19 yaşım vardı. Yəni 25 il əvvəl müflisləşdik. Anam saf olduğundan müflisləşdi".

Bu sözləri "Göyçək Fatimə" ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu "Onun Sirri" verilişində deyib.

Sənətçi 25 il əvvəl ailə bizneslərinin iflas olduğunu açıqlayıb. Fatimənin sözlərinə görə, o, anası ilə birlikdə çətin vəziyyətdən çıxmaq üçün xaricdən gələn ərzaq mallarını satmağa məcbur olub.

"Biznes sahəsi elə bir sahədir ki, burada qalxıb, düşürsən. Anamı həmin zamanlar çox insanlar aldatdı. Həm anamın borcları vardı, həm də ona borclu idilər. Belə olduğunda biz hər şeyimizi satdıq. Bir neçə evimiz vardı, onları və avtomobilimizi satmalı olduq. Hər şey əlimizdən gedəndən sonra ailəmizi ən çətin günləri başladı.


Biz artıq onda getdik kirayədə qaldıq. Anamla çox çətin günlər yaşasaq da bir-birimizə söz verdik ki, biz bu vəziyyətdən çıxıb, qalxmalıyıq. Bir-birimizə dayaq olduq. Sənətim olsa da belə, kosmetoloq kimi çalışa bilmirdim. Çünki o işə də başlamaq üçün pul lazım idi. Həmin ərəfədə yenə də anama dəstək olan insanlar oldu.
 
 
O zamanlar Dərbənd şəhərindən Bakıya qida ərzaqlar gətirilirdi. Anam və mən o ərzaqların satışı ilə məşğul olmağa başladıq. Azadlıq prospektində yerləşən salonda qızlara satırdım. Soyuducumuz boş qalmaması üçün anamla bir müddət belə yaşadıq".
 
F.Fətəliyeva rəqqasə kimi peşəkarlaşmağımda və eyni zamanda məşhurluq qazanmasında müəllimi SSRİ Əməkdar artisti Aliyə Ramazanovaya borclu olduğunu söyləyib.
 
"Daha sonra anama söylədim ki, yenidən rəqsə qayıtmalıyam. Bu rəqsimlə nələrsə etməliyəm. Rəqqasə Aliya Ramazanova dəstək çıxıb öz evində hər gün mənə dərslər keçdi. O, rəqsi mənə sıfırdan öyrətdi. İnanmırdım ki, nə vaxtsa televiziyaya çıxa bilərəm, məşhur ola bilərəm. Düşünürdüm ki, gedib hansısa restoranda oynayıb, pul qazanaram. Orada ifa edən müğənnilər mənə çox dəstək oldular. Qapılar üzümə açıldı. Bir gün gördüm ki, Muğam Teatrının solistiyəm".



 

 

.