Tünzalə Əliyeva: Heç vaxt ağlıma gəlməz ki, həyat yoldaşım mənə xəyanət edər...

“Uzun müddətdir nə xınayaxdı var, nə də dəvətlər. Bəlkə də xınayaxdı var, amma mənə dəvətlər gəlmir.

Özümü məcburi insanlara təklif etdirə bilmərəm axı. Yəqin ki, ev yiyələri istəmir, dəvət etmir. Çağırsalar gedərik, amma hazırda çağırmırlar. Bu hal əlbəttə ki, məni üzür. Xınayaxdı maddi vəziyyətimə də təsir göstərir”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa, əməkdar artist Tünzalə Əliyeva deyib. O daha sonra əlavə edib.

“Xəstələnəndən sonra xınayaxdı məclislərim azaldı. Belə düşünürəm ki, onları xəstə adam qane etmir. Və yaxud da mənə əziyyət vermək istəmirlər, qıymırlar. Deyirlər ki, xəstə adamı niyə dəvət edim ki? Kimin də xınası varsa Allah ruzisini versin. Heç kimə paxıllıq etmirəm, hamının halal xoşu. Xınayaxdı mərasimini aparmaq da asan iş deyil. 3-4 saat meydanı tək qoymamalısan” deyə sənətçi bildirib.

Tünzalə Əliyeva işlərindən də söz açıb.


“Hazırda “Baldız” serialında çəkilirəm, ona görə də digər gələn təklifləri qəbul edə bilmirəm. Film də çəkilmir, pandemiyadan sonra 1 dəfə çəkildi, ora da dəvət aldım. Bir ara çox ağır günlər keçirdim, saçım-qaşım töküldü. Bütün ağır günlərimdə ailəm, həyat yoldaşım yanımda oldu. Qadının qazancı onun ailəsidir. Mütləq şəkildə yanında səni başa düşən insan olmalıdır” deyə aktrisa bildirib.

“Tünzalə xanım xəyanəti bağışlayar?” sualına isə aktrisa belə cavab verib.

“Hələ ki, xəyanətlə rastlaşmamışam deyə, bilmirəm ki, münasibətim necə olar. Heç vaxt ağlımın ucundan keçməz ki, yoldaşım mənə xəyanət edər. Bəziləri xəyanəti bağışlayır, bəziləri isə bağışlamır. Bu nisbi bir anlayışdır” deyə aktrisa bildirib.



 

 

.