Bakıda çimərlik qiymətləri: Bir ailənin birgünlük istirahəti neçəyə başa gəlir? – ARAŞDIRMA


Bakı, dəniz, yay, günəş... Bu sözləri eşidən kimi adamın könlündən özünü çimərliyə atmaq keçir. Axı bu istilərə başqa necə qalib gəlmək olar?

Hər il olduğu kimi, bu il də iyunun 15-dən çimərlik mövsümü başlayıb. Amma insanları narahat edən bir məsələ var - qiymətlər!

Maraqlıdır, bəs çimərlik qiymətlərində ötən illə müqayisədə hansı dəyişikliklər var? Ümumiyyətlə, bir ailə üçün çimərlikdə istirahət neçəyə başa gəlir?

Evdarliq.Az oxu.az-a istinadən bildirir ki, Nardaran ərazisində yerləşən istirahət mərkəzində həftə boyu adambaşı giriş 20 manatdır. Bu qiymətə bir ədəd çətir, bir ədəd şezlonq, bir ədəd dəsmal, duş, açıq hovuz və dənizdə çimmək daxildir. Lakin bir dolabın qiyməti isə 10 manat təşkil edir. Həftəiçi ilə müqayisədə həftəsonunda qiymətlərdə heç bir dəyişikliyin olmadığı vurğulanıb.

Qeyd edək ki, 10 yaşa qədər uşaqların girişi pulsuzdur. Əraziyə qida, içki məhsulları və ev heyvanları ilə daxil olmağa icazə yoxdur.


Novxanı ərazisində yerləşən digər istirahət mərkəzində isə 3 yaşa qədər uşaqların girişi pulsuz, 3-12 yaş uşaqların girişi 15 manat, 12 yaşdan yuxarı şəxslərin girişi isə 20 manat təşkil edir. Qiymətə attraksion, akvapark, çimərlik və dolab daxildir. Kənardan yemək gətirilməsinə isə icazə yoxdur.

Bilgəhdə yerləşən bir çimərlikdə isə digərlərinə nisbətdə qiymətlər yüksəkdir. Belə ki, həftəiçi çimərliyə giriş 30, həftəsonu isə 35 manat təşkil edir. 10 yaşa qədər uşaqlara giriş pulsuzdur. Qiymətə çimərlik və hovuza giriş, dəsmal, şezlonq, çətir, uşaq meydançası, soyunma otağı (dolab əlavə ödənişlə), müxtəlif əyləncələr (trampilin, miniqolf üçün meydança, futbol və voleybol meydançası) daxildir. Nəzərinizə çatdıraq ki, kənardan ərzaq və içki gətirmək qəti qadağandır.

Mərdəkan ərazisində yerləşən digər bir istirahət mərkəzində isə bu ay üçün adambaşı giriş 25 manat təşkil edir. Gələn aydan qiymətlər həftəiçi 40 manat, həftəsonu isə 50 manata qədər yüksələcək. Bununla belə, çimərliyə 6 yaşa qədər uşaqların girişi pulsuz, 7-12 yaş arası uşaqların girişi isə 15 manatdır. Qiymətə dolabdan başqa hər şey daxildir. Qeyd edək ki, kənardan içki və qidanın gətirilməsi qadağan olunmasına baxmayaraq, adambaşı bir litr suya icazə verilir.

Novxanı ərazisində yerləşən istirahət mərkəzlərinin birində isə 5 yaşdan yuxarı şəxslər üçün çimərlik ödənişlidir. Burada 5-12 yaş uşaqlar üçün həftəiçi qiymət 15, həftəsonu isə 20 manat təşkil edir. 12 yaşdan yuxarı şəxslər üçün həftəiçi 20, həftəsonu 25 manatdır. Qeyd edək ki, şezlonq, stol, hovuz qiymətə daxildir. Paltarlarınızı yerləşdirmək üçün dolab istəsəniz, əlavə pul ödəməlisiniz.

Araşdırma nəticəsində məlum oldu ki, orta hesabla dördnəfərlik bir ailənin həftəsonu çimərlik xərci minimum 200, maksimum 400 manat təşkil edir.



 

 

.