Yeni məktəbli formaları BELƏ OLACAQ FOTOLAR

Bir müddət əvvəl Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib.

2022/2023-cü tədris ilindən tətbiq ediləcək qərara əsasən, hazırkı geyim formaları tədris ilinin sonunadək istifadədə olacaq.

Məsələyə münasibət bildirən təhsil naziri Emin Əmrullayev bildirib ki, hər bir məktəb məktəbli formaları ilə bağlı daxildə qərar verməlidir. Onun sözlərinə görə, məktəblər qərarı verəndə qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə etməlidirlər.

XəzərXəbər xəbər verir ki, Azərbaycanda məktəbli formalarının tikilişini və satışını həyata keçirən "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov Modern.az-a açıqlamasında deyib ki, şirkətə rəsmi olaraq heç vaxt müraciət olunmur:

“Biz istehsalçı təşkilatıq. Məhsulları istehsal edib bazara çıxarırıq. Artıq yeni məktəbli formalarınının istehsalına başlamışıq. Təbii ki, bunlar nümunələrdir. Yenilərlə yanaşı, köhnə məktəbli formalarının istehsalını da davam etdirəcəyik. Yəni bizdə yeni və köhnə formaların hər ikisi olacaq. Kim hansından istəsə, onu əldə edə biləcək”.


E.Əzimov istənilən sifarişi yerinə yetirmək iqtidarında olduqlarını söyləyib: “Hazırda nümunələr mövcuddur. Lazım olduqca bazara çıxarılacaq. İndi elə bir vaxt deyil ki, nəyisə planlayasan. Plan ancaq satışdan asılı olacaq. Nə qədər satılarsa, bir o qədər də istehsal edəcəyik”.

Satış müdiri yeni məktəbli formalarının qiymətinin hələ müəyyən edilmədiyini vurğulayıb:

“Bizə lazım olan parçaların hamısı gələndən sonra qiymətlər məlum olacaq. Qiymətin qalxıb-qalxmaması alınan parçanın keyfiyyətindən asılı olacaq. İndi partnyorlar çoxdur. Görək, hansı daha keyfiyyətli parçalar verəcək, hansı daha yaxşı olacaq. Ancaq bizim məhsulumuz həmişə keyfiyyətli olub. Ona görə də, biz keyfiyyətsiz məhsul istehsal etmək fikrində deyilik”.

Qeyd edək ki, təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir. Geyim formaları təbii və keyfiyyətli (möhkəmlilik və davamlılıq xüsusiyyətləri, habelə aşınma müqaviməti olan, qırışlar yaratmayan, yuyulduqdan sonra ölçüləri dəyişməyən, rəngi solmayan və qarışmayan, təri yaxşı qəbul edən, spesifik qoxusu olmayan, sürtünmə nəticəsində elektrikləşməyən) parçalardan tikilməli,təhsilalanların sağlamlığına mənfi təsir göstərməməlidir. Təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılmalıdır. Geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və ya sol qol hissəsinin yuxarı kənar tərəfində) məktəbin emblemi əks oluna bilər. Təhsilalanlar geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilirlər.

Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:

Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək;

Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar;

Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;

Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.



 

 

.