Ağdaşda 15 yaşlı qızın toyu oldu: 4 yaşında göbəkkəsdi olubmuş

Ağdaşda 15 yaşlı qızla evlənən 24 yaşlı şəxsə cinayət işi açılıb.

Məhkəmə onun barəsində hökm çıxarıb. İfadələrdən məlum olub ki, qızın 4 yaşı olanda evləndiyi oğlanla göbəkkəsdi ediblər.

Evdarliq.Az Musavat.com-a istinadla xəbər verir ki, işin üstü toydan sonra açılıb. 24 yaşlı Qasımın (ad şərtidir) 15 yaşlı Çiçəklə (ad şərtidir) toyu olub. Qız toyu onun anasıgilin həyətində, oğlan toyu isə rayonda şadlıq sarayında keçirilib.

Bu hadisədən sonra Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Qasımla Çiçək həm də qohumdur.

Qasım deyib ki, ailə qurduğu Çiçək onun qohumu olub, ailəvi gediş-gəlişləri də var imiş.

Bir-birlərini uzun müddət sevdiklərini deyən Qasım bildirib ki, ailə qurmaq qərarına gəldiklərini valideynlərinə deyiblər və onlar da etiraz etməyib.

Onun sözlərinə görə, 4 yaşları olanda valideynləri onları göbəkkəsdi ediblər. İşin maraqlı tərəfi budur ki, göbəkkəsdidən sonra Çiçəyi də Qasımın ailəsi saxlayıb.

Evdarliq.Az