Bədən temperaturu necə ölçülməlidir?

Fəsil dəyişikliyi virus xəstəliklərinin artımı ilə müşahidə olunur. Bəs xəstələnərkən temperaturu necə düzgün ölçmək lazımdır?

Lent.az doktor Tamara Aqarunovanın məsləhətləri əsasında temperaturun düzgün ölçülməsi və doğru termometr seçimi barədə məlumatı təqdim edir.

“Biz normal temperatur olaraq 36,6 dərəcəni standart qəbul etmişik. Lakin 35,5-37,5 normal temperatur hədləridir. Temperatur civəli, civəsiz, elektron və kontaktsız termometrlərlə ölçülür.

Civəli termometrlər artıq tarixə qovuşmaqdadır. Bu termometrlər daha dəqiq ölçür. Elektron və kontaktsız termometrlər çox dəqiq hesab olunmur”,- deyə doktor bildirib.

Temperaturu necə düzgün ölçmək lazımdır? Həkimin sözlərinə görə, bu adətən ölkədən-ölkəyə dəyişir. Keçmiş sovet ölkələrində termometr qoltuq altına qoyulsa da, Qərbdə ağıza qoyulur. Balaca uşaqlarda termometr düz bağırsağa qoyularaq düzgün cavab alınır. Oral və rektal ölçü ən doğru hesab olunur.


Hazırda plastik əmziklər içərisində termometrlər satılır, lakin həkim bu termometrləri dəqiq hesab eləmir. Onun sözlərinə görə, belə vəsaitlərə çəkilən xərc sadəcə pul itkisidir.

“Termometr qoltuq altında 5 dəqiqə saxlanılmalıdır. Qoymazdan öncə onu silkələyib civənin 34 dərəcə üzərinə düşməsinə diqqət etmək lazımdır. Elektron termometrlər özləri məlumat hazır olanda siqnal verirlər. Civəli termometrləri oral və rektal yollarda istifadə etmək təhlükəlidir”,- deyə o bildirib.



 

 

.