Sızanaqların bitkilərlə müalicəsi. RESEPTLƏR

Bitkilər sızanaqlarla mübarizədə çox yaxşı kömək edir.

Lakin nəzərə almaq lazımdır ki, sızanaqlar həddindən artıq çoxdursa, yalnız bitkilərin köməyi ilə onlardan qurtulmaq çətin olacaq. Bu halda dermatoloqa müraciət etmək lazımdır. Bitkilər isə köməkçi müalicəvi vasitə kimi istifadə oluna bilər.

Sızanaqları yox etmək üçün xalq təbabəti RESEPTLƏRİ

- 2 xörək qaşığı palıd qabığının üzərinə 2 stəkan su töküb yarım saat vam odda qapaqla örtüb qaynadırlar. Palıd qabığı dəmləməsini səhər və axşam problemli dərinin silinməsi üçün istifadə edirlər.

- 2 xörək qaşığı xırdalanmış dəmrovotu üzərinə 2 stəkan su əlavə edilərək 5 dəqiqə qaynadılır. Dəmləməni 2 saat saxladıqdan sonra süzün. Alınmış dəmləmə ilə iltihablaşmış sahələri gün ərzində bir neçə dəfə silin və yatmazdan qabaq isə iltihablaşmış sahələrin üzərinə dəmləmədə isladılmış pambıq tampon qoyun.

- Hər biri 1 çay qaşığı olmaqla qurudulmuş çobanyastığı çiçəkləri, nanə yarpaqları və yaşıl çay götürərək, üzərinə bir stəkan qaynar su əlavə edib tam soyuyana qədər saxlayın. Alınmış bu dəmləmə ilə problemli dərini səhər və axşam silmək lazımdır.

- 1 xörək qaşığı qurudulmuş çobanyastığı çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edib 15 dəqiqə dəmlədikdən sonra süzün. Bu dəmləmədə steril tənzif isladıb dəriyə kompreslər şəklində qoyun.

- Aloye bitkisinin yarpaqlarının şirəsi sızanaqlara qarşı mübarizədə çox yaxşı kömək edir. Onun hazırlanması üçün aloye yarpaqları qaynamış su ilə yuyulub qurudulur və 10 gün müddətində qaranlıq sərin yerdə saxlanılır. Bundan sonra yarpaqları xırdalayın və şirəsini sıxın. Bu şirə ilə problemli dərini hər gün silin.

- Sızanaqlarla mübarizədə bağayarpağının şirəsi də yaxşı kömək edir. Bunun üçün bitkinin yarpaqlarını xırdalayıb tənzif içərisinə yığıb şirəsini sıxın. Alınmış şirə problemli  sahələri gün ərzində bir neçə dəfə silin.

- Dazıotu bitkisinin qurudulmuş çiçək və yarpaqlarından bir xörək qaşığı götürüb, üzərinə bir stəkan qaynar su əlavə edilir, 10-15 dəqiqə qaynadılır və süzülür. Hazırlanmış dəmləmə ilə üzünüzün sızanaqlı sahələrini silin.

- Çayağacının 100%-li efir yağını sadəcə olaraq sızanağın üzərinə nöqtə şəklində çəkin və sonra yumayın.

- Yağlı və üzərində qara civzələr olan dərini çiy balqabaq dilimi ilə silmək çox xeyirlidir.

- Qurudulub xırdalanmış adaçayı çiçəyindən 2 xörək qaşığı götürüb üzərinə bir stəkan qaynar su əlavə edin. 2 saatdan sonra dəmləməni süzün və üzərinə 1 çay qaşığı bal əlavə edin. Bu məlhəmlə üz dərisini gündə 2 dəfə silin.

- 1 stəkan qaynadılmış ilıq suya 1 çay qaşığı kalendula bitkisinin spirtli məhlulu (aptekdə satılan) və 1 çay qaşığı bal əlavə edin və qarışdırın. Alınmış qarışıqda steril pambıq isladın və sızanaqlar olan sahələrin üzərində qoyub 20-30 dəqiqə saxlayın.

Evdarliq.Az


.