Göz kölqələrin çəkilməsi kifayət qədər mürəkkəb işdir.
Kölgələr gözləri daha ifadəli və gözəl edir, vizual olaraq böyüdür.
1. Gözün makiyajına başlamazdan əvvəl goz qapaqları, eləcə də bütün üzün dərisini təmizləmək lazımdır. Bundan sonra gözətrafı dəriyə göz qapaqları üçün nəzərdə tutulmuş xüsusi nəmləndirici krem və ya gel vuraraq, barmaqların yüngül hərəkətləri ilə onu bərabər şəkildə yayın. 5-7 dəqiqədən sonra kosmetik vasitənin dəriyə hopmayan qalıqlarını yumşaq salfetlə təmizləyib tonal vasitəni vurun. Bundan sonra gözləri yumub fırçanın köməyi ilə tozşəkilli kirşanı bərabər şəkildə göz qapaqları, qaş və kirpiklərə paylaşdırmaq lazımdır. Əgər pudradan istifadə etməsəniz, çəkilmiş kosmetik kölgə tez bir zamanda dəriyə hoparaq, solğun və nəzərə çarpmayan şəkildə görünəcəkdir.
2. Kölgəni bir dəfəyə çox vurmayın - onun artıq olan hissəsi çətin silinir. Digər tərəfdən isə həddən artıq miqdarda vurulan kölgə baxışı ağırlaşdırır və sifəti qocaldır. Kölgəni göz qapaqlarına süngər applikator və ya yastı, enli fırça ilə vurmaq lazımdır. Applikatordan rəngin artıqlarını təmizləmək üçün əvvəlcə onu əlinizin arxa tərəfinə yüngülcə sürtmək lazımdır. Ən yaxşı üsul isə süngər applikatoru nəmləndirmək, salfetlə qurulamaq və yalnız bundan sonra onun üzərinə kosmetik kölgə yığmaq lazımdır. Bu yolla siz rəng qırıntılarının yanağınıza düşməsinin qarşısını alacaqsız.
3. Göz qapaqlarının kənarları boyunca kölgəni nisbətən çox vurmaq lazımdır. Bu zaman kölgənin vurulmasını gözün daxili küncündən deyil, göz qapağının ortasından başlamaq lazımdır. Buradan başlayaraq gözün kənar küncünə doğru rəngin intensivliyini artırmaq, daha sonra isə applikatorda qalan rəng qalığı ilə göz qapağının daxili hissəsini də kölgələmək lazımdır. Bunun üçün göz qapağını kənar tərəfindən bir qədər yuxarı dartmaq olar.
4. Göz qapaqları üçün kölgələr mat və sədəfli olurlar. Mat kölgələr gözlərə mənalı ifadə vermək, diqqəti ona cəlb etmək üçün istifadə olunur. Sədəf kölgələr isə baxışa nur və parıltı verir. Mat kölgələr bütün göz qapağına çəkilə bilər, sədəf kölgələr isə göz qapağının təyin olunmuş nöqtəsinə, adətən, üst göz qapağının ortasına vurulur. Vacib məsələ: dərinizdə ilkin kiçik qırışlar varsa, sədəf kölgəni çox miqdarda vurmayın. Çünki sədəf kölgə qırışları daha çox vurğulayacaq. Ən rahat üsul tozşəkilli kölgələrdən istifadə etməkdir.
5. Eyni zamanda çox sayda müxtəlif çalarlı kölgələrin vurulmasına ehtiyac yoxdur. Adətən, 2 cür kölgədən istifadə etmək yetərli olur:
- tünd rəngli kölgələr gözlərin formasını uzatmaq, gözləri daha ifadəli etmək, xüsusi olaraq vurğulamaq üçündür;
- açıq rəngli kölgələr isə baxışı işıqlı, bütün sifəti isə daha parlaq gostərməyə kömək edir. Əgər siz iki rəng kölgədən istifadə edirsinizsə, onda bu cür variant təklif etmək olar. Tünd kölgəni üst və alt göz qapaqlarının kirpikləri boyunca vurun. Sonra isə açıq rəngli kölgədən istifadə edin. Alt göz qapaqlarına nazik zolaq (tünd kölgə ilə yanaşı olmaqla), üst göz qapaqlarına isə qalın zolaq çəkin. Çalışın ki, kölgələrin arasında sərhədi tamamilə “itirəsiniz”.
6. Rəng seçimində gözün, saçların, geyimin rəngi, ilin fəsli, makiyajın təyinatı (mərasim üçün və ya gündəlik) və s. hallar nəzərə alınmalıdır. Əgər siz kölgənin rəngini seçməkdə çətinlik çəkirsinizsə, onda onu gözünüzün rənginə uyğun seçin.
Mavi gözlər: boz kölgələr (tünd bozdan açıq boza kimi çalarlarda), polad rəngi, tünd göy, boz-mavi, açıq çəhrayı, ağ, fil sümüyü rəngləri, kərpic rəngi, bənövşəyi rəngli; ağ, gümüşü-mavi, açıq çəhrayı rəngli sədəf kölgələr.
Yaşıl gözlər: açıq sarı, sarı-qəhvəyi, bej kölgələr, fil sümuyü rəngində olan kölgələr, zümrüd, şabalıd, mərcan, narıncı, kərpic, mis, bənövşəyi rəngli kölgələr; sədəf kölgələrin qızılı, yaşıl, mis rəngli çalarları.
Tünd qonur gözlər: qəhvəyi kölgələr (ən tünd çalarlardan ən açıq çalarlara qədər), bej, açıq-sarı, zərli, ağ, bənövşəyi, narıncı, tünd yaşıl, fil sümuyü rəngində kölgələr; sədəf kölgənin qızılı, ağ, yaşıl, mis rəngli çalarları.
7. Düzgün seçilməyən və göz qapaqlarına düzgün vurulmayan kölgələr gözləri ifadəsiz, sifəti yorğun göstərir. Əgər sizin gözləriniz çox kiçik və ya çox çuxurlanmış, kirpikləriniz qısa, gözətrafı sahələr tünd və gözlərinizin altında sallanma olarsa, onda çox tünd kölgələrdən imtina edin. Bu cür çatışmazlıqlar zamanı daha parlaq və açıq rəngli kölgələrdən (bej, açıq qəhvəyi və s.) istifadə etmək məqsədəuyğundur. Eyni zamanda yadda saxlayın ki, çox açıq rəngli kölgələr gözləri az da olsa vurğulamır.
8. Böyük mağazalarda testerdən (sınaq nümunəsi) istifadə etmək imkanı olur. Bu cür xidmətdən imtina etmək məsləhət deyil: belə ki, eyni rəngli kölgə müxtəlif dərilərdə fərqli görünə bilər.
9. Gözlərə kontur karandaş və ya maye şəkilli vasitənin (“sürmə”, aylayner, kayl) çəkilməsi onlara xüsusi cazibədarlıq verir. Bunun üçün kölgələrdən də istifadə etmək olar.
Makiyajın təbii görünməsi üçün göz qapağına karandaşla çəkilən xətti nəm və ya quru applikatorla yaymaq lazımdır. Karandaşla çəkilən xətdən fərqli olaraq, maye şəkilli boya ilə çəkilən xətti yaymaq lazım deyil - onu kirpiklərin inkişaf xəttinə mümkün qədər yaxın və mümkün qədər düz xətt şəklində olmaqla çəkirlər (yeri gəlmişkən, bu, kifayət qədər çətindir).
Bir vacib məsələ var – göz qapaqları kənarlarına çəkilən xətlə kirpiklərin arasında məsafə qalmamalı, həmçinin kirpiklərin kökləri də görünməməlidir.
Göz qapaqları kənarlarına çəkilən vasitənin rənginə gəldikdə isə qara rəng klassik hesab edilir. Hal-hazırda müxtəlif çalarlı rənglərdən də istifadə edirlər - qara-qəhvəyi və ya sadəcə qəhvəyi rəng təbii makiyaj üçün, tünd göy rəng soyuq tonlarda olan makiyaj üçün və s. Göz qapaqları kənarlarına çəkilən xəttin tonu kölgənin tonundan bir qədər tünd, rəng çalarlığı isə uyğun olmalıdır.
10. Əgər siz makiyajın köməyi ilə gözlərinizi vurğulamısınızsa, onda dodaqlarınızı neytral saxlayın.
Evdarliq.Az