Ənliyin köməyilə enli sifəti vizual olaraq daraltmaq, əksinə, həddinən artıq ensiz sifəti enli göstərmək mümkündür.
Bundan başqa, ənlik gündüz və axşam makiyajına təbiilik verir. Müxtəlif ənliklər mövcuddur: quru, yağlı, gelşəkilli, ənlik-muss.
Kosmetik ənliyin təbii görünməsi üçün aşağıdakı məsləhətləri nəzərə almaq lazımdır:
1. Quru, qocalmış və problemli dərilər üçün kremşəkilli vasitələr, normal və kombinə edilmiş dərilər üçün isə quru və ya gel, muss, köpük şəklində olan vasitələr uyğun gəlir.
2. Ənliyin rəng çalarlığının düzgün seçilməsi də kifayət qədər mürəkkəb məsələdir. Vizajistlər belə məsləhət verirlər: dərinin rəngi nə qədər tünd olarsa, ənliyin rəngi bir o qədər parlaq olmalıdır. Tünd dəri rəng çalarlığını bir qədər boğur, açıq rəngli dəridə isə ənlik, əksinə, daha parlaq görünür.
Əgər sizin neytral açıq rəngli dəriniz varsa, onda bej, qızılı-qəhvəyi, həmçinin açıq çəhrayı çalarlı ənlik seçin. Sarımtıl dəri üçün qırmızı rəngin bütün çalarları, mərcan, şaftalı, ərik rəngləri uyğun gəlir. Dolğun, parlaq rənglər yalnız qarabuğdayı dəridə təbii görünür. Çəhrayı-bej qammada olan ənlik praktiki olaraq bütün dəri çalarlarına uyğun gəlir. Dəbin tələblərinə görə ənlik və dodaq boyasının rəngi üst-üstə düşməyə də bilər, amma rənglər arasında çalarlar (soyuq, isti və s.) eyni seçilməlidir. Əgər sizin makiyajınız isti tonlardadırsa, onda qəhvəyi, şaftalı, bej rəngli ənlik, əgər soyuq tonlardadırsa, onda açıq çəhrayı rəngli ənlik istifadə edə bilərsiniz.
3. Ənliyin köməyilə korrektə olunmağa ehtiyacı olan hissəni tapmaq üçün gülümsəmək lazımdır. Yanağın ən dairəvi hissəsi bu kosmetik vasitəni çəkmək üçün əsas yer olacaqdır. Üz cizgilərini vizual olaraq genişləndirmək üçün ənliyi, demək olar ki, horizontal formada, enli üz cizgilərini daraltmaq üçün isə diaqonal üzrə çəpinə vururlar.
4. Quru ənliklər istifadədə çox rahatdır, quru sponj və ya fırça ilə tozşəkilli və ya kompakt kirşanın üzərindən rahatlıqla çəkilir. Onları tonal kremin və ya gelin üzərindən vurmaq olmaz, belə ki, onlar nəm əsasla qarışaraq üzdə arzuolunmaz ləkələr qoya bilərlər. Quru ənliyə nisbətən yağlı (kremşəkilli) ənlik daha az istifadə olunur. Onlar dəridə çox təbii görünür, amma quru ənlik qədər uzun müddət qalmır. Yağlı ənliyi barmaqların ucu ilə tonal kremin üzərindən çəkirlər. Onu belə edin: əvvəlcə dəriyə ənliklə punkir xətt çəkin - bir yaxma yanaqlarınıza, iki yaxma da almacıq sümükləri istiqamətində vurun, sonra onu barmaqlarınızla səliqəli yayın. Bundan sonra üzə kirşan (pudra) vurmaq lazımdır.
5. Quru ənlik qatının hamar alınması üçün yumşaq, dairəvi fırçadan istifadə etmək məqsədəuyğundur. Qablaşdırmada təqdim olunan yastı fırçalar rahat deyil və arzu edilən effekt almağa imkan vermir. Tozşəkilli kirşanda olduğu kimi, əvvəlcə fırçadan rəngin qalıqları xaric edilir. Ənliyi yalnız yuxarı və üzün yan kənarlarına doğru istiqamətdə çəkirlər. Təbii effektin alınması üçün kəskin sərhədlənmədən çəkinmək lazımdır.
Evdarliq.Az