Qaşların formasının seçilməsi - FOTO

Dekorativ makiyaja başlamazdan əvvəl qaşların vəziyyətinə diqqət yetirmək lazımdır.

Qadın cazibədarlığı qaşların rəng və formasından çox asılıdır. Yaxşı forma üzü cazibədar göstərir və vizual olaraq cavanlaşdırır. Buna görə də makiyaj üzrə mütəxəssislər cavan olmayan xanımlara qaşlarına daimi olaraq qulluq etməyi məsləhət görürlər.

Qaşları formaya salarkən onları daha ifadəli göstərməyə çalışmaq lazımdır. Qaşların təbii əyriliyini dəyişmək məsləhət deyil: onların təbii forması, adətən, üz cizgilərinə uyğundur, ona görə də onlara hər hansısa bir düzəliş etməyin mənası yoxdur. Qaşın düzəlməsi üçün forma üz cizgilərinin fərdi xüsusiyyətləri və qadının yaşına uyğun olaraq seçilir.

Üz quruluşunun bir neçə forması olduğu kimi, qaşlar da öz formasına görə 4 tipə bölünür - düz, əyilmiş (qövs şəkilli), dairəvi və sınmış. Bu zaman hər bir qaş tipi üzün formasına uyğun olaraq seçilir. Bəs hansı qaşlar hansı sifət quruluşuna (tipinə) uyğun gəlir?

Düz qaşlar – ensiz və uzunsov sifətlərə yaraşır. Onları daha yumru və qısa göstərir.

Əyilmiş qaşlar – kvadrat və oval sifətlərə yaraşır. Çox enli sifətlərə uyğun gəlmir.

Dairəvi qaşlar – köbud cizgiləri yumşaldır, sifətə incəlik verir. Dairəvi sifətlərə yaraşmır.

Sınmış qaşlar – sifəti cavanlaşdırır, ona incəlik verir. Enli sifətləri daha zərif göstərir. Amma çox sındırılmış qaşlar sifətə təəccüblü, şübhəli və bəzən də hiyləgər görünüş verir. 

Üzünüzə uyğun qaş forması seçərkən nəzərə almaq lazımdır ki, sıx və enli qaşlar sifəti azca ciddi və sərt göstərir.

Həddinən artıq uzun qaşlar sifəti bir qədər qocaldır və ona qəmli ifadə verir.

Qaş xəttinin çox aşağı salınması sifəti daraldır, onu kədərli göstərir.

Gözlər bir-birindən çox aralı yerləşərsə, qaşların “baş” hissəsini uzatmaqla onları bir-birinə “yaxınlaşdırmaq” olar. Əksinə, bir-birinə yaxın yerləşən gözləri, qaşların “baş” hissəsini bir qədər qısaldıb və “quyruq” hissəsini isə bir az uzatmaqla  bir-birindən “uzaqlaşdırmaq” olar.

Evdarliq.Az



 

 

.