Düzgün makiyajın sirləri. Kirşan (pudra)

Kirşan (pudra) gündəlik və bayram üçün olan dekorativ makiyajın çox vacib tərkib hissəsidir.

Onun köməyi ilə dəriyə çəkilmiş kremi “bərkitmək”, kiçik qırışları uğurlu şəkildə “gizlətmək”, kosmetik kölgələrin və ənliklərin dəqiq sərhədlərini “itirmək” olar.

Pudranın bir neçə növü vardır ki, onların da hər biri özünəməxsus xüsusiyyətlərə malikdir. Ən çox tozşəkilli və kompakt kirşanlardan istifadə olunur. Tozşəkilli kirşanın nazik qatı tonal krem, ənlik və bu kimi digər vasitələrin üzərindən çəkilir. Pudra tozu tonal kremlə tam şəkildə qarışır və hətta diqqətlə baxdıqda belə, hiss olunmur. Kompakt kirşanın tərkibində çoxlu yağlı maddələr olduğu üçün, ancaq quru və kombinə edilmiş dərilərdə istifadə oluna bilər. Bundan başqa, sızanaqlar, qırmızı ləkələr və digər dəri defektlərini “qizlətmək” üçün yaşıl kirşan, axşam makiyajı üçün kirşan-parıltı, yağlı və problemli dəri üçün antiseptikli kirşan vardır.

Üzə çəkilən kirşanın təbii görünməsi üçün makiyaj edərkən aşağıdakılara əməl etmək lazımdır:

1. Gündüz və tonal kremlər dəriyə tam hopmalıdır, əks halda kirşan dərinin üzərinə qeyri-bərabər, ləkələr halda yayılacaqdır.

2. Toz halında olan kirşanı üz və boyunun dərisinə bərabər həcmdə yaymaq üçün təbii tükdən olan iri yumşaq fırçadan istifadə olunur ki, bu da maksimal şəkildə həmcins tonun əldə edilməsinə kömək edir.

3. Kirşan qatının çox qalın olmaması üçün seçilən vasitəni fırça ilə götürdükdən sonra, ovucunuzla fırçanın tutacağından yavaşca vurun ki, pudranın qalıqları qutusuna tökülsün.

4. Bütün tonal vasitələr və kirşanlar dəri xətləri istiqamətində vurulur, əks halda sifət cansız çalarlığı alır.

5. Digər tonal vasitələrdən fərqli olaraq tozşəkilli kirşanı həmçinin kirpiklərə, gözətrafı sahənin dərisinə və dodaqlara da çəkirlər. Bu zaman göz qapaqları üçün kölgə və dodaq boyası (pomada) daha hamar qatla oturacaq və uzun müddət qalacaq, kirpiklər isə daha həcmli və uzun görünəcəklər.

6. Kombinəedilmiş dərinin problemli sahəsinə (“T” ərazisi) - burun, çənə və alına kirşanı bir neçə qatla vururlar, əks halda onların yağlı parıltısından qurtulmaq olmayacaq.

7. Təsadüfən dəriyə artıq miqdarda vurulmuş tozşəkilli pudranı yumşaq tüklü fırça ilə alından çənəyə doğru yüngül toxunuşlu hərəkətlərlə asanlıqla təmizləmək olur.

8. Kompakt kirşanı (pudranı) dəriyə xüsusi kosmetik süngər (o, komplektə daxildir) və ya quru sponjla paylaşdırırlar. Hərəkətlər yüngül, spiral və ya dairəvi, az təzyiqli olmalıdır. Bu kirşanın mənfi cəhəti - hamar qat çəkməyin çətin olmasıdır. Bu zaman dəri kiçik hissələrlə tonlaşdırılır, ona görə də təcrübəsizlik nəticəsində bir çox hallarda rəng çalarlığının dəyişməsinə səbəb ola bilər.

9. Kirşanın rəngi tonal kremin və ya gelin rəngi ilə üst-üstə düşməlidir, əks halda makiyaj qeyri-təbii görünəcəkdir. Əgər kirşanın rəngini seçməkdə hər hansı bir şübhəniz varsa, o zaman tünd rəngdənsə, daha açıq rəng seçmək məsləhət görülür.

10. Kirşan üçün olan fırça və süngəri həftədə bir dəfə olmaqla, mütləq şampunla yumaq, tənzifə büküb qurutmaq lazımdır. Bu yolla siz üzünüzdə problem yarada biləcək mikroblardan qurtulacaq, həmçinin kirşanınızın xidmət müddətini uzatmış olacaqsınız.

Evdarliq.Az


Загрузка...
. .