Kosmetikanı necə saxlamaq lazımdır. MƏSLƏHƏTLƏR

Kosmetikanı yalnız düzgün seçmək yox, həm də düzgün saxlamaq lazımdır.

Parfümeriya və kosmetik vasitələrinin yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilməlidir. Ancaq bəzən istehsalçılar bu müddəti göstərmirlər. Amerika və Avropa standartlarına görə, məhsulun saxlanma müddəti 30 aydan artıq olarsa, qablaşdırmanın üzərində onun yararlılıq müddəti, ümumiyyətlə, göstərilməyə bilər. Ona görə də kosmetikanı xüsusi ixtisaslaşmış mağazalardan almaq daha yaxşıdır. Burada mallar  tez-tez dəyişilir. Məhz bu səbəbdən bu mağazalardan istifadə müddəti bitmiş olan məhsul almaq təhlükəsi daha azdır. Kosmetik vasitələri həmçinin kosmetika şirkətlərinin nümayəndələrindən onların kataloqu üzrə də almaq olar.

Kosmetik vasitələrin saxlanması üzrə bir neçə məsləhət verək:

1. Nə dekorativ, nə də qulluq üçün olan kosmetikanı soyuducuda saxlamaq olmaz (əgər qablaşdırmanın üzərində bu barədə xüsusi göstəriş yoxdursa). Kosmetikanı quru, təmiz  yerdə, otaq temperaturunda, günəş şüalarının birbaşa təsirindən uzaq olmaqla saxlamaq lazımdır.

2. Kosmetika alarkən imkan dairəsində dozatoru olan vasitələrə üstünlük verin: onlar daha qənaətlə istifadə olunur, hava və barmaqlarımızla əlaqəsi olmadığı üçün daha yaxşı saxlanılır.

3. Krem və ya digər kosmetik vasitələrə toz, çirk və hava keçməməsi üçün (bu halda vasitə daha tez xarab olacaq) onların qapaqlarını hər zaman möhkəm bağlayın. Krem qabının qapağının altında yerləşən qoruyucu plastması atmayın. Yadda saxlayın ki, plastik qablarda buraxılan kremlərin saxlanma müddəti tübikdə qablaşdırılan kremlərdən daha azdır.

4. Kremin öz qabında, istifadəyə yararlı şəkildə daha uzun müddət ərzində saxlanması üçün onu əllə yox, xüsusi kiçik qaşıqla götürmək lazımdır. Hər dəfə istifadə edildikdən sonra bu qaşıq yuyulmalıdır.

5. Həftədə 1 dəfə olmaqla, üzərində bakteriyaların yığılmaması üçün makiyaj zamanı istifadə edilən fırça və süngərlər, qaş və kirpik üçün olan kiçik şotkalar yüngül yuyucu vasitələr (duş üçün gel, şampun) əlavə olunmuş suda yuyulmalıdır.

Bu və ya digər kosmetik vasitə düzgün şəraitdə saxlandığı və düzgün istifadə olunduğu halda, ondan nə qədər müddət ərzində istifadə etmək olar?

1. Dəri və saçların qidalandırılması, bərpası və cavanlaşdırılması üçün nəzərdə tutulan ampulalar açılan kimi istifadə olunmalıdır. Onları saxlamaq olmaz. Bu qayda saçların rənglənməsi üçün nəzərdə tutulan boyalara da aid edilir – istifadə edildikdən sonra onların qalıqları da atılmalıdır. Saçların rənglənməsində boyanın qalıqlarından istifadə edilməsi, onların rənginə gözlənilməz çalarlar verə bilər.

2. UV-filtrləri (ultrabənövşəyi filtrləri) olan kremləri (günəşdən qoruyan kremlər) bir mövsüm (3-4 ay) ərzində saxlamaq və istifadə etmək olar. Bu müddətdən sonra istifadə edildikdə, krem sizin dərinizi ultrabənövşəyi şüalardan qorumayacaqdır.

3. Göz ətrafına qulluq edilməsi üçün olan kosmetik vasitələr öz keyfiyyətini 5 aya qədər saxlayır. Onların tərkibində konservantlar çox az olur, çünki konservantlar bu sahənin yüksək həssaslığı olan dərisinə ziyan vura bilər. Qablaşdırılmış kosmetik vasitənin qapağını açdıqdan sonra kremdən və ya emulsiyadan hər gün istifadə edin. Bu halda onun effektivliyi həm daha aydın görünəcək və krem də daha tez qurtaracaqdır.

4. Kirpik üçün olan tuşu 3-4 ay ərzində istifadə etmək olar. Yeri gəlmişkən, tuş, adətən, müxtəlif göz xəstəliklərinə səbəb ola biləcək bakteriyaların inkişafı üçün yararlı mühit hesab olunur. Əgər sizin gözünüzdə infeksiya aşkar edilmişsə, dərhal tuşdan istifadə etməkdən imtina edin.

5. Nəmləndirici, qidalandırıcı və bərpaedici maska və kremləri 6 ay müddətində saxlamaq olar. Bir şərtlə ki, siz onları otaq temperaturunda, birbaşa günəş şüalarının təsirindən kənarda, öz qablarında saxlayasınız.

6. Maye şəkilli tonal krem və tonal əsasların saxlanması üçün 6 ay müddəti son hədd sayılır.

7. Pudranı (kirşan) 1 il ərzində istifadə etmək olar: bu həm kompakt, həm də kövrək (toz) pudralara aiddir. Göz qapaqları üçün olan toz şəkilli kölgələrin istifadə müddəti də - 1 ildir. Bir şərtlə ki, siz fırça, applikator və sponjların (süngərlərin) vəziyyətinə nəzarət edəsiniz. Onları həftədə 1 dəfə olmaqla yumaq və ya yenisi ilə əvəz etmək lazımdır.

8. Dozatorlu flakonlarda olan dəri təmizləyici vasitələri, həmçinin antibakterial “penkaları” da 1 il müddətində istifadə etmək olar.

9. Dodaq boyalarından və dodaqlara parıltı verən vasitələrdən (“blesk”) 1 il müddətində istifadə etmək olar.

10. Dodaqlar və gözlər üçün olan kontur karandaşları və dezodorantları 3 il ərzində işlətmək olar. Kontur karandaşları və karandaş çərtəni hər istifadədən sonra antiseptiklə silmək, karandaşlara isə hər istifadədən sonra qapaq taxmaq lazımdır.

11. Tualet və parfüm suları 3-5 il ərzində istifadə etmək olar.

Evdarliq.Az



loading...