Dəridə tünd ləkələr: yaranma səbəbi və müalicəsi

Bəzi insanlarda əllərin, üzün, qolların dərisində, eləcə də bədənin digər nahiyələrində irili-xırdalı qəhvəyi ləkələr əmələ gəlir.

Amerika Dermatologiya Akademiyasının araşdırmalarına əsasən dəridə tünd qəhvəyi ləkələrin yaranma səbəbləri və müalicə metodları ilə oxucuları tanış edirik.

Alimlərin qənaətinə görə, bu ləkələr melaninin normadan artıq sintezi nəticəsində meydana gəlir. Bu piqment gözlərə, saçlara, dəriyə rəng verir. Bəs hansı səbəbdən əvvəl təmiz dəridə müəyyən vaxtdan sonra ləkələr yaranır?

Dermatoloqlar bu sualı belə cavablandırır: ətraf mühit, iqlim, günəşin ultrabənövşəyi şüaları, solyari, qaralma melanin sintezini pozur.

Hamiləlik dövründə bəzi qadınlarda bu ləkələr yaranır. Amerika Dermatologiya Akademiyasının məlumatına görə, hormonal statusun dəyişməsi melanodermiyanın- dəridə həddən artıq melaninin toplanmasına səbəb olur.


Qeyri-steroid preparatlar, antibiotiklər, tetrasiklin, psixotrop kimi dərmanların yan təsiri də belə ləkələrin yaranmasına səbəb olur. Dəri travması, iltihabi proseslərdən sonra da ləkələr qalır. İntəhası, bu ləkələr bir müddətdən sonra gedir.

Həkimlər bildirir ki, ləkələrrin rəngi pasiyentin yaşı və dərisinin tonusundan asılıdır. Əgər ləkə çox tünd deyilsə, on iki ay ərzində itə bilər.

Müayinə və müalicə

Dəridə əmələ gəlmiş qəhvəyi ləkələrin müalicəsi üçün kosmetoloqa yox, dermatoloqa müraciət olunmalıdır. Diaqnostika üçün xüsusi lampa, böyüdücü şüşə, analizlər, testlər istifadə olunur. Əgər ləkələrin səbəbi ciddi pozulma, xəstəlik deyilsə, sırf estetik həlli üçün dermatoloq ağardıcı kremlər, mazlar, lazer təyin edə bilər. Tünd ləkələrin aradan qaldırılması üçün isə impulslu işıq lazerindən istifadə edilir./publika.az



 

 

.