Gözaltı dairələrin aradan qaldırılması üsulları

Təbii yaşlanma prosesi, həddindən artıq yorğunluq, kifayət qədər yuxu almamaq, televiziya, kompüter, planşet və telefon ekranına çox baxmaq göz altında qara dairələrin yaranmasına səbəb olur.

Kifayət qədər su qəbul edilmədikdə göz altıda dəridə mat və batıq bir görünüş yaranır, çökmə isə göz ətrafındakı sümüyün dəriyə yaxın olmasından qaynaqlanır. Həddindən artıq Günəş işığına məruzqalma bədəndə dəriyə rəng verən piqmentin daha çox istehsalına səbəb ola bilər.

Göz altındakı qara dairələrin qarşısını almaq barədə məlumat verən həkim-fitoterapevt Fizuli Hüseynov AZƏRTAC-a deyib: “Bir neçə buz parçasını təmiz dəsmala büküb gözlərə çəkmək olar. Yuxu zamanı gözaltında maye yığılmasının və buna görə yaranan şişkinliyin qarşısını almaq üçün başın altına bir neçə yastıq qoymaq daha faydalıdır.

Soyuq çay paketlərini gözlərə sürtmək qaraltıların görünüşünü azalda bilər. Çayın tərkibindəki antioksidantlar və kofein sayəsində qan dövranı stimullaşır, qan damarları daralır və dəri altında mayenin tutulması azalır. Bu məqsədlə iki qara və yaşıl çay paketi 5 dəqiqə qaynar suda isladılır, çay paketləri 15-20 dəqiqə soyuducuda saxlanılır və bundan sonra 10-20 dəqiqə göz altına qoyulur. Prosedur bitəndən sonra gözlər soyuq su ilə yuyulmalıdır”.

Onun dediyinə görə, gözaltı qara dairələrin aparılması üçün ev şəraitində tətbiq edilən digər sadə üsullar da var. Hər gecə gözaltı nayihəsini kokos yağı ilə masaj etmək göz dairələrini azalda bilər. Kokos yağı zədələnmiş dəri hüceyrələrini bərpa edə bilən zəngin E vitamini mənbəyidir.


Pambıq yastıq gül suyuna batırılaraq 15 dəqiqə göz qapaqlarına qoyulur. Gözün altını soyuq su ilə silmək də faydalıdır.

İki dilim çiy kartof göz qapaqları üzərinə qoyularaq 15 dəqiqə gözlənilir.



 

 

.