Soyuq havalarda saç və üz dərisinə necə qulluq etməli?

Hər fəsil kimi qışda da saç və üz dərisinə qulluq etmək önəmlidir. Soyuq havalarda mənfi təsirlər daha çox ola bildiyi üçün bu havalarda diqqət daha çox olunmalıdır.

Kosmetoloq İlhamə Abbasova Oxu.Az-a qışda dəriyə necə qulluq etməli olduğumuzdan danışıb:

“Soyuq havalar dəriyə mənfi təsir edir, dəri quruyub qabıq verir. Buna görə də qışda qidalandırıcı kremlərdən istifadə etmək, havaya çıxmazdan bir saat öncə krem çəkmək mütləqdir.

Dərini qurutduğu üçün toz pudradan istifadə etmək məsləhət deyil. Skrabları tez-tez istifadə etmək olmaz. Yağlı dəriyə sahib insanlar həftədə bir dəfə, quru dərililər iki həftədə bir dəfə istifadə edə bilərlər. Quru dərili xanımların üzlərini su ilə yox, xüsusi təmizləyici südlə təmizləmələri məsləhətdir.

Dodaqlara da qulluq lazımdır, balzam və ya yağlı dodaq boyası istifadə olunmalıdır. Əllərə qidalandırıcı krem vurmaq zəruridir”.

Kosmetoloq qışda saçlara qulluğun, papaq taxmağın önəmindən söz açıb:

“Soyuq havalarda saçlar daha çox baxıma ehtiyac duyur. Saçları və başı isti tutmaq, beret kimi qoruyuculardan istifadə etmək lazımdır. Ancaq bunlar çox möhkəm və qapalı olmamalıdır.

Əks halda saçlarınızın nəfəs alması çətinləşər və qan dövranınızda problemlər ortaya çıxa bilər. Saçlarınızı külək və soyuq havadan qoruyarkən oksigensiz buraxsanız, yenə tökülmə, zəifləmə kimi problemlərlə qarşılaşmalı olacaqsınız”.

Kosmetoloq saçları qaynar su ilə yumağın ziyanlı olduğunu bildirib:

“Soyuq havalarda bədən nə qədər istilik, isti su tələb etsə də, böyük istilik saçlarınızı köhnəldəcək, saç dərinizin qurumasına və saçlarınızın tökülməsinə səbəb olacaq. Onları ilıq su ilə yumaq məsləhətdir.

Saçları tez-tez yumaqdan da qaçmaq lazımdır. Həftədə 2-3 dəfə yumaq sağlam və baxımlı olmaları üçün kifayətdir”.