Mavi göz kölgəsi yenidən dəbə mindi

Bu il dəbli və füsunkar görünmək istəyirsinizsə, uzun müddətdir ki, tabuya çevrilən mavi göz kölgələrinə müraciət etməlisiniz.

Bir çox məşhur moda evinin dəfilələrində modellərə mavi göz kölgəsi ilə makiyaj edildiyini görürük. Ancaq bildiyiniz kimi, mavi göz kölgəsindən istifadə etmək cəsarət tələb edir. Doğru çalar seçilmədikdə, zövqsüz və dəblə əlaqəsi olmayan bir görkəmə qovuşmaq riski artıq.

Buz mavisi

Parlaq buz mavisi çaları ilə qış əhval-ruhiyyəsinə uyğun makiyaj əldə edə bilərsiniz. Bu çalardan qarşıdan gələn bahar aylarında da faydalanmaq mümkün olacaq. Elə buna görə də, buz mavisi çalarında göz kölgəsi almaqdan çəkinməyin. Bu il “Karen Walker” dəfiləsində modellərin buz mavisi gözləri heç kəsin nəzərindən yayınmadı. Belə makiyajı şaftalı çalarlarında olan dodaq boyası ilə tamamlamaq məsləhətdir.

Gümüş mavi

Bu rənglə edilən makiyaj ofis stili və iclaslar üçün uyğundur. Boza çalan mavi “Giorgio Armani” dəfiləsində baş rolda idi. Belə makiyajda dodaqları və yanaqları xəfif şəkildə solğun çəhrayıya boyamaq kifayətdir.

Turkuaz

“Phillip Lim” dəfiləsində baxışların ən gözəl mavi çaları ilə çərçivələndiyini gördük. Burada diqqət edilməli olan nüans mavi rəngi, sadəcə, gözlərin buruna ən yaxın olan nöqtəsinə və gözün kənarlarına çəkməkdir.

Göy mavisi

“Honor”un dəfiləsində gördüyümüz kimi göy mavisinə boyanmış gözlər heç də zövqsüz təsir bağışlamır. Belə makiyajda dodaq və yanaqlara çəkməmək, saçlara isə sadə forma vermək məsləhətdir.

Dəniz mavisi

Bu rəngi gözün buruna yaxın hissəsinə çəkin. Gözləri bu rəngə boyadıqda solğun çalarlarda dodaq boyası seçilməlidir.

Kobalt mavi

Sadə, qara don geyinmisinizsə, makiyajda dəbdəbəyə üstünlük verə bilərsiniz. Bu zaman “Atelier Versace Haute Couture” dəfiləsindən ilham almağınız məsləhətdir. Çünki dəfilədə gözləri kobalt maviyə boyanan modellər olduqca şıq görünürdülər.

Dumanlı mavi

Mavinin bu çaları demək olar ki, bütün dəri rəngləri ilə uyğunlaşır. “Diane Von Furstenberg” dəfiləsindəki makiyaj stili bir daha sübut etdi ki, dumanlı mavi çaları ilə sirli, seksual baxışlara qovuşmaq olduqca asandır.

Publika.az



 

 

.