Günəş, dəniz, qum - bu üçlüyün “dəbdə” olduğu günləri, yəni yay mövsümünü yaşayırıq.
Dəb demişkən, artıq bir çox məşhur dizaynerlər yaz-yay kolleksiyalarını nümayiş etdiriblər.
Geyimləri həm mövsümə, həm də dəbə uyğun olaraq seçmək isə diqqət, vaxt, ən əsası “vision” tələb edir.
Bəs, bu yay hansı rənglər, modellər aktual olacaq?
Oxu.Az-ın suallarını stilist və vizajist Elnur Huseynov cavablandırıb:
- Başlayaq makiyajdan. Bu yay makiyajda hansı rənglər dəbdədir?
- Bu yay makiyajın əsas rəng çaları çəhrayının bir çox tonlarıdır. Yay olduğu üçün xanımlar ağır makiyajları təbbi (fresh) ilə əvəzləsinlər. Ötən il əgər mat makiyajlar aktual idisə, bu yay onları parlaq (sulu) dəri tonlarında olanlarla əvəz etsinlər. Xanımlar daha çox çəhrayı ənliklərə, sulu dodaq boyalarına üstünlük versinlər.
Mat dodaq boyaları ağır effekt verir. Lakin parlaq dodaq boyasından istifadə edərək bu effekti yüngülləşdirə bilərsiniz. Həddən ağır makiyajlar artıq dəbdən çıxıb. Bir dönəm “ərəb” dediyimiz makiyajlar trenddə idi. Üzə həddən artıq çəkilən makiyaj sizi yaşınızdan daha artıq göstərir. Məsləhət görürəm ki, incə simanıza incə makiyaj çəkəsiniz. Beləcə, siz həm təravətli həm də zövqlü görünəcəksiniz. Amma bir məqamı unutmaq olmaz, o da gedəcəyiniz məkandır.
- Xanımlar geyimlərdə hansı rəng və formalara üstünlük versinlər?
- Mövsümün vazgeçilməzi fil sümüyü və şampan, qızılı çəhrayı rəng və çalarlarıdır. Geyimlərdə enli (oversize) sarafanlar, şalvarlar, aksesuarlarda isə bej və qəhvəyi tonlarında həsirli çantalar və şlyapalar dəbdə olacaq.
Xanımların sevə-sevə geyindikləri cinslər də bu mövsümdə öz aktuallığını qoruyub saxlayacaq. Daha çox beldən yuxarı, mavinin açıq çalarlarında olan cinslər trenddə olacaq. Xanımların nəzərinə çatdırım ki, artıq çanta ilə ayaqqabının eyni rəngdə olması aktual deyil. Odur ki, qarışıq rənglərdə olan aksesuarlara (eynək, kəmər çanta, ayaqqabı - red.) üstünlük versinlər. Artıq bir neçə ildir ki, rənglərin qarışıqlığı dəbə gəlib.