Boşanma uşağa necə təsir edir? – VALİDEYNLƏR MÜTLƏQ OXUSUN

Valideynlər arasında anlaşılmazlıq uşağı bədbəxt edir. Türkiyəli pedaqoq və psixoterapevt Serap Melek Kılınc boşanmanın uşaqlara təsirlərdən danışıb.

Uşağın fiziki ehtiyaclarının qarşılanması ilə yanaşı, onun aid olma, sevilmə, güvən və anlayış kimi ehtiyaclarının da qarşılandığı əsas yer ailədir. Bu kiçik qurum uşaqların həyatında, inkişafında və şəxsiyyətinin formalaşmasında əhəmiyyətli rol oynayar. Ailə anlayışının tərkibi ana, ata və uşaqlardan ibarətdir. Ailə cəmiyyətini meydana gətirən bu təməl sistemlərdən birində problem yaşandıqda, digər sistemlər də zərər görməyə başlayır. Ana-atanın uşaqlarla olan əlaqəsi qədər, uşaqların da bir-birləriylə olan əlaqələri də onlara müsbət və ya mənfi istiqamətdə təsir edər.

Valideynlərin anlaşılmazlığı uşaqlara boşanma qədər mənfi təsir edir

Bəzi valideynlər aralarındakı sevgi və hörmət bağı qopduğu halda da uşağın xoşbəxtliyi və gələcək qayğıları üçün əlaqələrini davam etdirə bilərlər. Lakin bununla belə, evdə tez-tez mübahisələr, dava-dalaşlar düşə bilər. Boşanma prosesi uşaq üçün nə qədər üzücü vəziyyətdirsə, bu cür qeyri-sağlam ailə mühiti də uşağa eyni cür mənfi psixoloji təsir edir. Psixoloq bildirir ki, valideynlər arasındakı anlaşılmazlıqlar və mübahisələr uşağın inkişafına mənfi təsir edir: “Uşaq ana və atasını birlikdə görmək istəyir və ana-ata birlikdə olduqda xoşbəxt olur. Ancaq uşağın sağlam inkişafı üçün valideynlərin eyni evdə birlikdə yaşamalarından çox, onların münasibətlərinin xüsusiyyəti əhəmiyyətlidir. Bu səbəbdən də bəzi müstəsna hallar istisna olmaqla, hər nə qədər arzuedilməyən bir hal olsa da, ana-atanın boşanması, başqa sözlə desək, ayrılmaları və ayrı-ayrılıqda ana-ata rollarını davam etmələri uşaq üçün daha yaxşı nəticələr göstərə bilər. Əgər boşanan valideynlər uşağın ehtiyaclarını qarşılayır, məsuliyyətlərini yerinə yetirir, uşağa sevgi və güvən verməyə davam edirlərsə, uşağın boşanmadan təsirlənmsi də az olar”.

Boşanma müddətinə diqqət etmək lazımdır

Valideynlərin boşanma prosesində və boşanmadan sonrakı müddətdə diqqət etmələri lazım olan bəzi əhəmiyyətli məqamlar var. S. Melek Kılıc onları bu cür sıralayır:

1. Uşağa boşanma prosesi açıq və aydın bir dillə şərh edilməlidır.

2. Birlikdəykən xoşbəxt olmadığınızı, yola gedə bilmədiyinizi, bəzi anlaşılmazlıqlar olduğunu, düzəltməyə çalışmaq istədiyinizi, lakin yoluna qoya bilmədiyinizi etiraf etməlisiniz.

3. Ən çox qarşılaşılan problemlərdən biri də uşağın bu cür hallarda özünü günahlandıra bilməsidir. Ona bunun onun günahı olmadığını demək lazımdır.

4. Boşanmayla bağlı söhbətlərdə və çıxışlarda həyat yoldaşınızı günahlandırmaqdan qaçın. Bu, uşağın anası, ya da atasına kin bəsləməsinə, əlaqələrinin pozulmasına səbəb ola bilər. Bundan başqa, eks həyat yoldaşları qisas almaq üçün bir-birinə uşaqla görüşmə qadağası qoymamalıdırlar. Uşağı şantaj olaraq istifadə ediləcək bir vasitəyə çevirmək qəti olmaz.

5. Boşanma qərarınızı uşağa həyat yoldaşınızla birlikdə söyləyin.

6. Boşanmadan sonra həyatında baş verəcək dəyişiklikləri uşağa izah edin. Mümkündürsə, başqa şəhərə, başqa evə köçmək və ya başqa biri ilə ailə qurmaq haqqında danışmayın və bunları tezliklə etməyə tələsməyin. Uşaq valideynlərin boşanma travmasından ayılmamış, bir də bunların stressini yaşamamalıdır.

7. Ayrıldıqdan sonra ana-atanın əlaqələrini davam etdirmələri uşaq üçün ən sağlam yoldur. Uşaqla bağlı qərarları valideynlər birlikdə verməlidirlər. Ana-atanın və uşağın birlikdə vaxt keçirmələri üçün mühit yaradılmalıdır. Ad günləri, bayramlar kimi əhəmiyyətli günlərdə bir yerdə olmaq uşağa yaxşı təsir edəcək.

8. Boşanmadan sonra uşağın nizamlı və davamlı olaraq hər iki valideyni görməsinə diqqət göstərilməlidir. Hər iki valideyn uşağı öz yanlarına çəkmək məqsədilə həddindən artıq sevgi nümayiş etdirməməlidir. Uşağın hər iki valideyninin evində qala bilməsinə imkan yaradılmalı və onlarla vaxt keçirməsi təmin edilməlidir. Uşağa iki evin də onun evi olduğunu hiss etdirin.

9. Razılaşmadığınız mövzularda uşağı tərəf tutmaq məcburiyyətində qoymayın.

10. Uşağı boşanma mövzularının danışıldığı mühitdən uzaq tutun, mübahisələrinizi onun yanında etməyin. Uşağınızı həyat yoldaşınızla barışmaq üçün bir vasitə olaraq istifadə etməyin. Digər ailələr və qohumlara uşağa qarşı həssas davranmaları mövzusunda xəbərdarlıq edin. Digər insanların uşağın anası və ya atasını pisləmələrinə icazə verməyin.

11. Valideynlərin hər ikisinin də uşaqla maraqlanması, həyatındakı inkişaflardan xəbərdar olması, məktəb və digər fəaliyyətlərindən xəbərdar olması vacibdir. Valideynlərdən birinin çox maraqlanması digərinin əskikliyi ört-basdır etməməlidir.

12. Uşağın suallarına açıq və düzgün cavab verməyə çalışın. Uşağınızı anası və ya atası arasında seçim etmək məcburiyyətində qoymayın.

Valideynləri boşanan uşaqda yaranan problemlər

Boşanma müddətində uşaqda bəzi fizioloji, psixoloji və davranış problemləri ortaya çıxa bilər. Bu reaksiyalara vaxtında müdaxilə edilməlidir və lazım olan tədbirlər görülsə, uşaq boşanma prosesinin öhdəsindən daha asanlıqla gələ bilər.  Psixoloq bu cür problemlərə nümunələr də gətirib:

1. Barmaq əmmə, dırnaq yemə, yalan danışma, alt islatma kimi davranış pozğunluqları

2. Psixoloji mənşəli kəkələmələr

3. Tək qalma qorxuları və gecə qorxuları

4. Uyğunlaşmazlıq və narahatlıq

5. Yuxu pozğunluqları və yemək yemə problemləri

6. Ətraf mühitlə əlaqələrində problemlər

7. Məktəbdə və dərslərində uğursuzluq, məktəb qorxusu

8. Əsəb, hirs, kin və təcavüzkarlıq

9. Özünə qapanma halları

10. Diqqət toplamaqda çətinlik çəkmək

11. Tez-tez ağlama, baş və qarın ağrısı, mədə bulanması kimi narahatlıqlar

Ailədaxili ünsiyyət, sevgi və diqqət bu və buna bənzər problemlərin aradan qaldırılmasına mane ola bilər. Lakin uşağın boşanmadan daha az təsirlənməsi üçün bütün tədbirlər görülməlidir. Belə bir vəziyyətdə professionaldan kömək alınması həm ana, həm ata, həm də uşaq üçün faydalı olacaq.

Aile.lent.az


Загрузка...
. .